Zaur Darğallı: 2020-ci ildə 5 kənddə yol bərpa ediləcək

Hökm:İCRA OLUNUB

Xülasə: 2019-cu il Marneuli yerli özünüidarə seçkilərində “Gürcü Arzusu - Demokratik Gürcüstan”-ın mer vəzifəsinə namizədi Zaur Darğallının vədlərindən biri də kəndlərin daxili yollarının bərpası və asfalt çəkilməsi idi. O, Yağlıca (eko-miqrantlar) yaşayış məntəqəsinin yollarının, habelə Xuldərə, İmir, Ağməmmədli, Xutor Lejbəddin və Dolisxana kəndlərinin yollarının bərpa ediləcəyinə söz verdi.

Analiz:Zaur Darğallı mer vəzifəsinə namizəd olaraq Marneuli bələdiyyəsinə aid beş kəndin sakinlərinə yolların bərpa ediləcəyi və asfalt çəkiləcəyi ilə bağlı söz verdi. Seçki broşüründə 2020-2024-cü illərdə bu mərhələ üçün Marneuli bələdiyyəsinin Yağlıca (eko-miqrantlar) yaşayış məntəqəsi, habelə Xuldərə, İmir, Ağməmmədli, Xutor Lejbəddin və Dolisxana kəndlərində infrastruktur layihələrinin planlaşdırıldığı və hazırda davam etdiyi qeyd edilib.

“Fakt-metr” məsələni araşdırdı və aydın oldu ki, Zaur Darğallının vədi natamam şəkildə yerinə yetirilib. Daxili yolların bərpası və asfalt çəkilməsi üçün lazım olan vəsait Marneuli Bələdiyyəsinin 2020-ci il büdcəsində nəzərdə tutulmuşdu.

Marneuli yerli özünüidarəsi 6 fevral 2020-ci il tarixində layihə ilə nəzərdə tutulan işlərlə bağlı tender elan etdi. Tenderin təxmini dəyəri 2 295 525 lari idi. Tenderdə “İberi” MMC (i/k 204576422) qalib gəldi. İnfrastruktur layihəsinə 2020-ci ilin ikinci rübündə başlanıldı.

Layihə çərçivəsində Xuldərə kəndinin daxili yolları, Mollaoğlu kəndinin daxili yolları, Dəmyə kəndinə gedən yol (I mərhələ) və Sadaxlı kəndindəki uşaq bağçası və qəbiristanlığa gedən yola asfalt çəkildi. Görülən işlərin dəyəri 2 147 791 lari idi.

Ağməmmədli kəndi və Marneulinin Yağlıca məntəqəsində (eko-miqrantlar yaşayan ərazi) daxili yola asfalt çəkilməsi üçün 19 iyul 2020-ci ildə tender elan edildi. Tenderin təxmini dəyəri 1 409 434 lari idi.

Tenderi qazananEnko” MMC (i/k 402004718) ilə 1 127 548 lari dəyərində müqavilə imzalandı. Buradan 747 507 lari Yağlıca yolunun bərpasına xərclənib. Ümumi məbləğin 95% -i (710 132 lari) dövlət büdcəsindən, 5% -i (37 375 lari) yerli büdcədən xərclənmişdir. Müqavilə 11 avqust 2020-ci ildə imzalanmış və iş 45 gündə (ən azı oktyabrın sonu) başa çatmalı idi. Dəyişiklik nəticəsində müqavilənin müddəti əvvəlcə 15 Noyabr 2020-ci ilə qədər, daha sonra 31 iyul 2021-ci ilə qədər uzadıldı. Səbəb başqa bir şirkətin “ENCO” MMC-nin layihəni həyata keçirməsinə mane olan tikinti və təmir işləri aparmasıdır. Yəni layihə hələ tamamlanmayıb. Bu mərhələdə şirkət üçün - ümumi müqavilə məbləğinin 33% -i – 362 716 lari ödənilib.

Ağməmmədli kəndinin daxili yollarının bərpası işləri və asfalt çəkilməsinə ümumilikdə 362 716 lari xərclənib ki, bunun da 344 580 larisi dövlət büdcəsindən (% 95), 18 136 larisi (% 5) isə yerli büdcədən xərclənib. Ağməmmədli kəndində işlər tamamlanıb.

Marneuli meriyası 25 avqust 2020-ci il tarixində İmir kəndinin daxili yollarına asfalt çəkilməsi üçün 364 061 lari dəyərində tender (NAT200012995) elan etdi. Layihəni “Yollar və abadlıq” MMC həyata keçirdi.

Marneuli Bələdiyyəsinin Xutor-Lejbəddin kəndinə gedən yola asfalt çəkilməsi üçün tender, 25 avqust 2020-ci il tarixində elan edildi ki, bunun da təxmini dəyəri 869 257 lari idi. 30 sentyabr 2020-ci il tarixində “Ktsia” MMC (SC 234161135) ilə müqavilə imzalandı. Xutor-Lejbəddin kəndinə gedən yola asfalt çəkilməsinə ümumilikdə 250 286 lari xərcləndi ki, buradan da 234 073 lari (% 93.5) mərkəzi büdcədən, 16 213 lari (% 6.5) isə yerli büdcədən xərcləndi. Xutor-Lejbəddin kəndinə gedən yola asfalt çəkilib. Yolun uzunluğu 1027 metr təşkil edir.

Xuldərə kəndinin daxili yollarına asfalt çəkilməsi üçün tender 17 yanvar 2020-ci ildə elan edildi. Tender üçün 605 920 lari müəyyən olundu. Bunun 93 857 larisi (% 15.49) yerli büdcədən, 512 063 larisi (84.51) isə dövlət büdcəsindən ayrıldı. İşlər müqavilədə nəzərdə tutulmuş müddətlərdə başa çatdırıldı.

Xuldərə kənd icma mərkəzinin rəhbəri Ariz Daşdəmirli bizə bildirdi ki, kəndin əhalisinə 2020-ci ilə qədər verilən vədlər tam yerinə yetirildi.

Dolisxana kəndinin daxili yollarının bərpası və asfaltlanmasına gəlincə, bu günə qədər heç bir layihə həyata keçirilməyib. “Fakt-metr” kəndin yollarının vəziyyətini yerindəcə araşdırdı. Bu vaxta qədər yolun bərpası işlərinə başlanılmayıb və tender elan edilməyib. Bu problem “Marneuli” radiosunun materialında da qeyd edilib.

“Fakt-metr” Zaur Darğalının mer vəzifəsində sona qədər işləmədiyini və 2020-ci il Parlament seçkilərində majoritar namizəd olaraq iştirak etdiyini də nəzərə alır. 2020-ci ildə baş verən pandemiya da müəyyən infrastruktur layihələrində gecikmələrə səbəb ola bilər. Ola bilər, Marneulidə pandemiyanın başlanğıcında yerli epidemioloji ağır vəziyyət də öz təsirini göstərib. Pandemiya və natamam müddət nəzərə alınaraq vədin böyük bir hissəsi yerinə yetirildiyi və/ya davam etdiyi üçün “Fakt-metr”-ə görə Zaur Darğallının verdiyi vədlər yerinə yetirildi.