Yüklənir

Zaur Darğallı: Səkkiz kəndə içməli su ilə təmin olunacaq

Hökm: Qismən icra edildi

Xülasə: 2019-cu ildə, Marneuli yerli özünüidarə seçkilərindən əvvəl “Gürcü Arzusu - Demokratik Gürcüstan”-ın mer vəzifəsinə namizədi Zaur Darğallının vədlərindən biri kəndlərin içməli su ilə təmin edilməsi idi. O, Algeti, Təzəkənd, Əzizkənd, Hacisakənd, Kürtlər, Ambarovka, Algeti Şərabçılıq Təsərrüfatı və Keşəli kəndlərinin əhalisinin içməli su ilə təmin olunacağını vəd etdi.

2020-ci ilin büdcəsində bələdiyyə bu kəndlərin əhalisinin içməli su ilə təmin edilməsi üçün müvafiq vəsait ayırmış və yazda 2 677 520 lari dəyərində müqavilə imzalamışdı.

Layihə vaxtından gec həyata keçirilmiş, eyni zamanda içməli su bu kəndlərdə yaşayan sakinlərin hamısına hələ də verilmir. Bundan əlavə, əhali suyun keyfiyyətindən narazıdır və içmək üçün istifadə edə bilmir.

Analiz: 2019-cu ildə mer vəzifəsinə namizəd olaraq Zaur Darğallı Marneuli bələdiyyəsinin əhalisini, daha dəqiq, səkkiz kəndin sakinlərinin içməli su ilə təmin ediləcəyinə söz verdi. Bunu onun seçki broşürü də təsdiqləyir.

Verilmiş vədin yerinə yetirilməsi üçün lazım olan vəsait Marneuli Bələdiyyəsinin 2020-ci il büdcəsində nəzərə alındı. Marneuli yerli özünüidarəsi 8 yanvar 2020-ci il tarixində layihə ilə nəzərdə tutulan işlərlə bağlı tender (NAT200000236) elan etdi. Tenderin təxmini dəyəri 3 150 685 lari idi. Tenderi “Qza” MMC qazandı. 15 Martda imzalanan müqavilənin yekun dəyəri 2 677 520 lari təşkil etdi. Marneuli bələdiyyəsində 2020-ci ilin ikinci rübündə yeni içməli su şəbəkəsinin qurulması üçün infrastruktur layihəsinə start verildi. Marneuli yerli özünüidarəsinin məlumatına görə, layihə başa çatdıqdan sonra bələdiyyənin üç böyük inzibati vahidi – Algeti, Kürtlər və Kəpənəkçi inzibati vahidlərinin səkkiz kəndində (Algeti, Təzəkənd, Əzizkənd, Hacisakən, Kürtlər, Ambarovka, Algeti Şərabçılıq Təsərrüfatı və Keşali) ümumilikdə 19 107 abunəçinin fasiləsiz su təmin olunması planlaşdırılırdı.

“Fakt-metr” layihənin necə həyata keçirildiyi və əhaliyə içməli suyun verilməsi qrafiki ilə maraqlandı. Bu məqsədlə yerlərdə vəziyyətlə tanış olduq və əhali ilə söhbət etdik.

Novruz Mehdiyev (Təzəkənd): “2020-ci ilin noyabrında əhalinin içməli su ilə təmin olunması bərpa edildi, lakin bu mövcud problemi həll etmədi. Çünki kəndə su 2009-cu ildə çəkilən borularla verilir. Bu borular köhnəlib, buna görə borulara zərər verməmək üçün su sistemə aşağı təzyiqlə vurulur. Buna görə su əsasən yol kənarı sakinləri üçün əlçatandır. Bundan əlavə, əhaliyə verilən su çirklidir və bu səbəbdən əhalinin əksəriyyəti içmək üçün istifadə etmir. Su təchizatı həftənin bir neçə günü səhərdən saat 18:00-a qədər qrafik üzrə verilir."

Fidan Rzayeva (Əzizkənd): “Artıq bir neçə aydır ki, içməli su gəlir, ümumiyyətlə həftədə 3-4 dəfə, səhərdən saat 18:00-19: 00-a qədər. Eyni zamanda bu suyu içmək üçün istifadə etmirik, çünki kəndimizdə təbii bulaq var və bu bulağın suyuna daha çox etibar edirik."

Mehman Omarov (Ambarovka): “Su probleminin həll olunduğunu söyləsək, yalan olar, çünki həftədə 3-4 dəfə gəlir. Su verildikdə də bəzən 24 saat, bəzən də bir neçə saat ərzində gəlir. İçməli su bu gün axşam saat 18: 00-da gəldi, mənə isə su səhər və günorta saatlarında lazımdır."

Allahverdi Əliyev (Keşəli): “İçməli su problemi 1-2 aydır ki, həll olunub. Su iki gündə bir dəfə, 24 saat ərzində verilir. Su təmizdir və heç bir problem yoxdur."

Amil Məmmədov (Kürtlər): “Kəndimizdəki içməli su probleminin demək olar ki, 70-90% -i həll edilib. Magistraldan uzaq evlərdə su problemi var. Məsələn, mən özümü nəzərdə tuturam. Ailəmizdə içməli su problemimiz var. Su boruları çəkildikdə bizə su verildi, ancaq bir müddət sonra dayandı. Bu gün içməli suyumuz yoxdur."

Fuad Əliyev (Algeti Şərabçılıq Təsərrüfatı): "İçməli su problemi 3-4 aydır həll olunur, amma su qrafik üzrə gəlir, iki gündə bir."

“Fakt-metr” bu məsələ ilə bağlı rəsmi olaraq 24 fevral 2021-ci ildə Marneuli yerli özünüidarəsindən məlumat tələb etdi. Oradan isə ərizəmiz baxılması üçün “Marneuli Soptskali” MMC-yə göndərdi, amma cavab ala bilmədik.

Müqaviləyə görə, işlər 2020-ci ilin iyul ayında başa çatmalı idi, lakin müddət uzadıldı və təhvil-təslim aktı ilin sonunda imzalandı. Eyni zamanda, əhalinin müəyyən hissəsi içməli suyun keyfiyyətindən, qrafikindən narazıdır və əhalinin əsas magistraldan kənarda su təchizatı məsələsi həll olunmayıb. Layihənin dəyəri təchizatçı şirkətə tam şəkildə ödənilib. Yuxarıdakı faktlardan irəli gələrək, “Fakt-metr”-in qərarına görə, Zaur Darğallının seçkiqabağı vədi qismən yerinə yetirilib.


Şəxslər

Oxşar məqalələr

3361 - Yoxlanılmış fakt
Doğru
23%
Saxta xəbər
18%
Əsasən-doğru
13%
Yarı-doğru
10%
Əsasən-yanlış
8%

Ən çox oxunan