2015-2020-ci illərinin Dövlət Strategiyasına əsasən, Gürcüstan hökumətinin əsas vəzifələrindən biri etnik azlıqların keyfiyyətli məktəbəqədər təhsilə çıxışını təmin etmək olub. Bu qərar etnik azlıqların sıx məskunlaşdığı regionlarda dövlətin məktəbəqədər təhsilə çıxış problemini tanıması demək idi. 2021-ci ildə Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət İdarəsi “Vətəndaş Bərabərliyi və İnteqrasiyası üzrə Dövlət Strategiyası və 2015-2020-ci illərinin hərəkət planının icrasına dair yekun hesabatı təqdim edib.

Qeyd olunan hesabata əsasən, 2015-2020-ci illərdə məktəbəqədər təhsil sahəsində bir sıra mühüm təşəbbüslər həyata keçirilib: “Məktəbəqədər təhsil haqqında” qanun; Məktəbəqədər təhsil və inkişaf standartı; Məktəbə hazırlıq proqramı; Məktəbəqədər müəllim peşəkar inkişaf sistemi; Məktəbəqədər müəllimin/tərbiyəçinin peşə xüsusiyyətlərinin təsdiqi. Ali təhsil müəssisələri bu təşəbbüslər əsasında həm gürcü, həm də qeyri-gürcüı məktəbəqədər təhsil müəssisələri üçün məktəbəqədər təhsil üzrə mütəxəssislər hazırlamalıdır.

Bu təşəbbüslərə baxmayaraq, etnik azlıqların sıx məskunlaşdığı regionlarda məktəbəqədər təhsil müəssisələrinə çıxış məhduddur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) məktəbəqədər müəssisələrin siyahıyaalınmasına əsasən, Gürcüstanda erkən uşaqlıq təhsilinə cəlbetmə səviyyəsi (69,5%) Avropa hədəfindən (95%) xeyli geri qalır. Etnik azlıqlar arasında bu göstərici daha da aşağıdır - 33%.

Cədvəl 1. Müxtəlif kateqoriyalı uşaqlarda məktəbəqədər təhsilə qeydiyyat göstəricisi, %

Mənbə:Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)

Qeyd edək ki, UNICEF-in məktəbəqədər təhsil müəssisələrinin siyahıyaalma məlumatlarına əsasən, Gürcüstanda məktəbəqədər təhsil müəssisələrində iştirak səviyyəsinin ən aşağı göstəricisi Kvemo Kartli regionundadır, qeydiyyat göstəricisi isə 50,1% təşkil edir.

Cədvəl 2. Regionlar üzrə məktəbəqədər təhsil göstəricisi

Mənbə:Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)

Yuxarıda göstərilənlərə əlavə olaraq, Kvemo Kartlinin bəzi bələdiyyələrində məktəbəqədər müəssisələrin yerləşdirilməsi ilə bağlı maraqlı tendensiya müşahidə olunur - Dmanisi bələdiyyəsində aşağıdakı coğrafi yerlə təmsil olunan doqquz məktəbəqədər uşaq müəssisəsi mövcuddur: Dmanisi - iki uşaq bağçası; Hər kənddə bir uşaq bağcası: Vardisubani, Maşavera, Cavaxi, Boslebi, Gomareti Gantiadi, Sarkineti. Bu xüsusi kəndlərdə demək olar ki, bütünlüklə etnik gürcülər yaşayır və ya əksəriyyətlə təmsil olunur və etnik azərbaycanlıların yaşadığı otuzdan artıq yaşayış məntəqəsində məktəbəqədər təhsil müəssisəsi yoxdur. Onu da qeyd edək ki, Gürcüstanın Milli Statistika İdarəsinin 2014-cü il məlumatlarına əsasən, Dmanisi bələdiyyəsində əhalinin 65%-ni etnik azərbaycanlılar təşkil edir. Buna baxmayaraq, məktəbəqədər təhsil müəssisələrində uşaqların ümumi sayının yalnız 20%-i etnik azlıqlardandır. Bu o deməkdir ki, Dmanisidəki uşaq bağçalarına qeydiyyatdan keçən 337 uşaqdan yalnız 63-ü etnik azlığa aiddir.

On iki uşaq bağçası və beş gündüz mərkəzi mövcud olan Bolnisi bələdiyyəsində də vəziyyət oxşardır. On iki uşaq bağçasının hamısı etnik gürcülərin məskunlaşdığı kəndlərdə, gündüz mərkəzləri isə etnik azlıqların məskunlaşdığı kəndlərdə yerləşir

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Aparatının 2015-2020-ci illər üçün hərəkət planının icrası ilə bağlı hesabatda da qeyd olunur ki, Tsalka bələdiyyəsinin ən böyük kəndlərindən biri olan və tamamilə etnik azərbaycanlıların məskunlaşdığı Kosolar kəndində uşaq bağçası yoxdur. Uşaq bağçaları etnik gürcülərin məskunlaşdığı daha kiçik kəndlərdə fəaliyyət göstərir: Xaişi, Qoleteti, Çivçavi, Partsxnisi.

“Fakt-Metr” 2022-ci ilin 15 aprel və 8 iyun tarixlərində Tsalka, Dmanisi və Bolnisi özünüidarələrindən rəsmi məlumat tələb etdi. Maraqlandıq ki, bu bələdiyyələrin özünüidarə orqanları bu və ya digər kənddə uşaq bağçası tikmək qərarına gələndə hansı meyarlardan istifadə edirlər? Təəssüf ki, cavab ala bilmədik.

“Fakt-Metr” yuxarıda göstərilən faktların qiymətləndirilməsini “Sosial Ədalət Mərkəzinin” bərabərlik siyasəti proqramının direktorundan xahiş etdi. Tamta Mikeladze bizə bildirdi ki, etnik azlıqlar üçün məktəbəqədər xidmətlər kəskin şəkildə qeyri-bərabərdir və bu, etnik azlıqların təhsilinə və gürcü dilinin öyrənilməsinə birbaşa təsir göstərir. “Dövlət, əhalinin sıx məskunlaşdığı və ənənəvi olaraq etnik azlıqların məskunlaşdığı bölgələrdə uşaq bağçalarının 3 dəfə az olduğunu qəbul edir. Bu asimmetriya dövlətin bu reallığa müdaxilə etməsi və onu düzəltməsi zərurətini gündəmə gətirir. Əgər dövlət bu problemi prioritet hesab etməsə, əlavə resurslar və səyləri səfərbər etməsə, bu baş verməyəcək... Dövlət dilinin tədrisi və təhsilə əlçatanlıqda çətinliklər və qeyri-bərabərlik, mənim fikrimcə, mahiyyətcə dövlətin biganəliyinin və etnik azlıqların hüquqlarının və maraqlarına etinasızlığın nəticədir, bu icmaların özlərinin günahı deyil. Güya dil öyrənmək və ya yaxşı təhsil almaq istəmirlərmiş. Bizim reallıqda kök səbəb etnik azlıqların institusional ayrı-seçkiliyi və yadlaşmasıdır. Dövlət etnik azlıqların təhsil siyasətinə köklü şəkildə yenidən baxmalı və onu dəyişdirməlidir”, - deyə Tamta Mikeladze bildirib.

O, həmçinin bildirib ki, mövcud vəziyyətin yaxşılaşdırılmasında yerli özünüidarəetmə orqanlarının üzərinə böyük məsuliyyət düşür. “Aydındır ki, bu reallıqda etnik azlıqların ehtiyaclarının, qayğılarının və maraqlarının aktiv şəkildə yerləşdirilməsi özünüidarəetmə orqanlarının gündəliyinə hətta zəifləyir və çox vaxt qeyri-mümkün olur. İSSA-nın araşdırmasına görə, etnik azlıqların 70%-i heç vaxt ictimai və ya şəxsi məqsədlər üçün özünüidarəetmə orqanına müraciət etməyib. Bu rəqəm siyasi uzaqlaşmanın və inamsızlığın ən ağır göstəricisidir.

Maraqlıdır ki, yerli özünüidarəetmə tez-tez özünüidarəetmənin və demokratiyanın şəxsi təşəbbüs üzərində durduğunu, azlıqların passiv olduğunu və bu problemlərin onların günahı ola biləcəyini deyirlər. Sanki azlıqlar təşkilatlanmayıb, fəal deyillər. Mən bu fikri bölüşmürəm. İndi bölgələrdə çox maraqlı fəallıq təcrübələrini görmək olar. Məsələn, Marneulidə pandemiya dövründə (kənd təsərrüfatı məhsullarının ixracı, işçilərin hüquqlarının pozulması, Cavaxetiyada torpaqların yenidən bölüşdürülməsinin ədalətsizliyinə etiraz) çoxlu sayda kəndli və fəhlə nümayişlərinin şahidi olduq. Amma siyasətin qapısı bu narazılıq səslərinə bağlıdır. Eyni zamanda, dövlət azlıqların iştirakını gücləndirmək üçün əlavə tədbirlər görməlidir”, - deyə Tamta Mikeladze bizə bildirib.

“Sosial Ədalət Mərkəzinin” bərabərlik siyasəti proqramının direktoru hesab edir ki, dövlətin qeyri-gürcü əhalinin təhsili üçün məktəbəqədər təhsildən tutmuş ali təhsilə qədər bütün təhsil pillələrini əhatə edən xüsusi strategiyası və fəaliyyət planı olmalıdır. O bildirib ki, təhsil hüququ birbaşa yoxsulluğun aradan qaldırılması, sosial inkişaf, iqtisadi bərabərsizliyin aradan qaldırılması, siyasi fəallıq, inklüziv və ədalətli cəmiyyətin qurulması ilə bağlıdır. “Azlıqların təhsil siyasətinin prioritetləşdirilməsi, xüsusi strategiya və fəaliyyət planının, illik monitorinq və hesabatlılıq prosedurlarının müəyyən edilməsi, bu prosesdə məsləhət mexanizmlərinin gücləndirilməsi və Təhsil Nazirliyində bu islahata cavabdeh olacaq xüsusi xidmətin yaradılması vacibdir. Bu islahatın bir hissəsi uşaq bağçalarının tikintisi və ikidilli keyfiyyət proqramlarının tətbiqi üçün özünüidarəetmə orqanlarının xüsusi büdcə vəsaitlərinin ayrılmasını ehtiva edən məktəbəqədər təhsil üzrə iş olmalıdır", - Tamta Mikeladze bildirib.

“Fakt-Metr” gələcəkdə də regionlardakı məktəbəqədər təhsil müəssisələri ilə bağlı vəziyyəti və bu istiqamətdə həyata keçirilən tədbirlərin monitorinqini aparacaq